Eroziya

Axan suyu yatağı eroziyası

Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir.

Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır.

Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir:

  • Çay hövzəsində aşınmış məhsulun daşınması.
  • Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması.
  • Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.

Eroziya iki formada olur: dərinlik və yan eroziyası. Dərinlik və yan eroziya prosesləri, adətən , eyni vaxtda gedir, lakin yan eroziya , dərinlik eroziyasının zəiflədiyi və onun tamamilə akkumulyasiya ilə əvəz olunduğu vaxt daha yaxşı müşahidə olunur.

Axar sular bir sahədə eroziya, o biri sahədə isə akkumulyasiya işi aparmaqla tədricən öz yatağının meyilliyini bütün dərə boyunca bərabərləşdirir. Meyillik bərabərləşdikcə çay yatağının özü də tədricən düzəlməyə və çayın daşıma qüvvəsi də tənzimləşməyə başlayır.

Çayın uzununa profilinin ən alçaq yerinə eroziya bazisi deyilir. Ümumi eroziya bazisindən əlavə, hər bir çayın hövzəsində, yerli eroziya bazisi də var. Yerli eroziya bazisi, bir çayın başqa bir çaya tökülən yer və yaxud çay yatağında səthə çıxan möhkəm süxurlar, çay dərəsini köndələninə kəsib keçən və qalxmaqda olan cavan antiklinal qırışıqların yerləşdiyi sahə də ola bilər.

Çayın eroziya bazisinin mənbəbdən yuxarıda, yaxud aşağıda yerləşməsi çay suyunun miqdarından, axım sürətindən və həmçinin sahil zonanın tektonik rejimindən asılıdır.

Çay bir sahədə eroziya, o biri sahədə isə akkumulyasiya fəaliyyətində olduğu üçün, öz yatağının uzununa profilini bütün dərə boyunca tədricən düzəltməyə çalışır. Əgər çay buna nail olarsa, əmələ gələn uzununa profil normal, yaxud da tənzimlənmiş profil adlanır. Əslində isə təbiətdə normal profilə dəsadüf edilmir. Çay dərəsində və hövzəsində iqlimin, tektonikanın, süxurların litoloji tərkibinin və s. daimə dəyişkənliyi ilə əlaqədar olaraq yatağın uzununa profili də müvafiq dəyişikliklərə uğrayır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne