Endemik

Yalnız Azərbaycanda bitən Xəzər Zəfəranı (Crocus caspius)

Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar.

Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir. Azərbaycanda 240 endemik bitki növü mövcuddur (Eldar şamı, Lənkəran akasiyası və s.) [1]

  1. "Bitki örtüyü". 2017-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne