Mark Elliot Zukerberq (14 may 1984, Uayt-Pleyns[d], Nyu-York ştatı, ABŞ) — amerikalı biznes maqnatı, kompüter proqramçısı, internet sahibkarı və xeyriyyəçi. O, sosial media xidməti olan Facebook-un və onun icraçı sədri, baş icraçı direktoru və nəzarət paketi sahibi olduğu ana şirkəti Meta Platforms-un (əvvəlki adı ilə Facebook, Inc.) həmtəsisçisi olub. Zukerberq Harvard Universitetində oxuyub və burada 2004-cü ilin fevralında otaq yoldaşları Eduardo Saverin, Andryu MakKollum, Dastin Moskoviç və Kris Hyüz ilə birlikdə Facebook-u təsis edib. Əvvəlcə yalnız seçilmiş kollec şəhərciklərində fəaliyyətə başlayan sayt sürətlə böyüyüb və nəticədə kollecləri üstələyərək 2012-ci ildə bir milyard istifadəçiyə çatıb. Zukerberq 2012-ci ilin mayında səhmlərin böyük hissəsinə sahib olduğu şirkəti ictimailəşdirdi. 2007-ci ildə, 23 yaşında dünyanın ən gənc milyarderi oldu. O vaxtdan bəri o, öz vəsaitlərini "Chan Zuckerberg Initiative"nin yaradılması da daxil olmaqla, çoxsaylı xeyriyyəçilik işlərini təşkil etmək üçün istifadə edib. Time jurnalı 2008, 2011, 2016 və 2019-cu illərdə Zukerberqi dünyanın ən nüfuzlu adamlarından biri adlandırıb və bir neçə dəfə onu finalçı kimi irəli sürüb. Facebook-un yarım milyarddan çox istifadəçiyə çatdığı il olan 2010-cu ildə İlin adamı seçilib. 2016-cı ilin dekabrında Zukerberq Forbes-in "Dünyanın Ən Güclü İnsanları siyahısı"nda onuncu yeri tutub. 2023-cü ildə Forbes 400 siyahısında o, 106 milyard dollarlıq şəxsi sərvəti ilə səkkizinci yerdə qərarlaşıb. 2023-cü ilin noyabrına olan məlumata görə, Zukerberqin sərvəti Forbes tərəfindən 117 milyard dollar dəyərində qiymətləndirilib və onu dünyanın yeddinci ən varlı adamı edib. Zukerberqin ilk karyerasını, hüquqi problemlərini və saytdakı ilk uğurlarını əks etdirən "Sosial şəbəkə" filmi 2010-cu ildə nümayiş olunub və iki Oskar mükafatı qazanıb. Zukerberqin texnologiya sənayesində nüfuzu və sürətli yüksəlişi siyasi və hüquqi diqqətə səbəb olub. Facebook-un yaradılması Zukerberqi veb-saytın yaradılması və sahibliyi, həmçinin istifadəçi məxfiliyi ilə bağlı çoxsaylı məhkəmə proseslərinə cəlb edib. 2013-cü ildə o, immiqrasiya tərəfdarı olan FWD.us lobbi qrupunun həmtəsisçisi olub. 10 və 11 aprel 2018-ci il tarixlərində Zukerberq ABŞ Senatının Ticarət, Elm və Nəqliyyat Komitəsi qarşısında Facebook-Cambridge Analytica məlumat sızıntısı ilə əlaqədar Facebook tərəfindən şəxsi məlumatların istifadəsi ilə bağlı ifadə verib.